1993-cü il avqust ayının 23-də Füzuli şəhəri və rayonun böyük bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Lakin bir müddət sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlar nəticəsində rayonun 22 kəndi işğaldan azad olunmuş və kəndlərdə əhalinin yaşayışı təmin olunmuşdur. Azərbaycanın digər rayonları kimi Füzuli rayonu da işğal dövründə erməni vəhşiləri tərəfindən tamamilə dağıdılmış, tarixi və mədəni abidələri məhv edilmiş,zəngin infrastruktura malik rayondan əsər- əlamət qalmamışdır. İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azad olunması uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu. Çünki düşmən ərazidə möhkəm,keçilməz istehkamlar qurmuşdur. Lakin güclü və qüdrətli ordumuzun fədakarlığı sayəsində bu istehkamlar darmadağın edildi və 17 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri işğaldan azad edildi. Füzulinin azad olunması strateji cəhətdən digər rayonların da azad olunmasında yardımçı oldu . Artıq Füzuli rayonunun işgaldan azad olunmasından İki il ötür. Bu müddət ərzində digər azad olunmuş rayonlarımız kimi Füzulidə də abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Əhmədbəyli -Füzuli-Şuşa avtomobil yolunun inşası, Füzuli Beynəlxalq Hava limanının tikintisi, yüksək gərginlikli elektrik stansiyasının, su anbarlarının, hərbi hissələrin, bir sıra dövlət əhəmiyyətli strateji obyektlərin tikintisi bunun bariz nümunəsidir. 27 sentyabr 2022-ci il tarixdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər və rayonun Qaraxanbəyli kəndində 27 sentyabr-Anım gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etdilər. Səfər çərçivəsində ölkə başçısı rayonda gedən bərpa işləri ilə tanış oldu və tapşırıqlar verdi. İkinci “Ağıllı kənd"in Füzuli rayonunun Dövlətyarlı kəndində salınacağını və orada 450 ailənin məskunlaşacağını bildirdi. Prezident qeyd etdi ki, məhz əsgərlərimizin fədakarlığı sayəsində şəhərlərimizi, kəndlərimizi bərpa edirik və Şanlı Zəfərimizlə fəxr edirik. Sürətli quruculuq işləri onu göstərir ki, tezliklə düşmən tapdağından azad olunmuş bütün rayonlarımız tam yaşayış səviyyəsinə gətiriləcək və torpağın əsl sahibləri öz yurd -yuvalarında yeni həyata başlayacaq. Allah Azərbaycan xalqına bu böyük Qələbəni yaşadan şəhidlərimizin hər birinə rəhmət eləsin məkanları cənnət olsun !Allah qazilərimizə şəfa,əsgərlərimizə qüvvət versin!Vəsilə QuliyevaXocalı rayonundan məcburi köçkün